Qəbələ rayonunda 12 noyabr – “Konstitutsiya Günü”nə həsr olunmuş konfrans keçirilib
12 noyabr 2025-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitutsiya və Suverenlik ili” çərçivəsində “Konstitutsiya Günü”nə həsr olunmuş konfrans keçirilmişdir. Konfrans iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə böyük hörmət və ehtiramlarını bildirmişlər. Qəbələ Mədəniyyət Mərkəzində davam edən konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev qonaqları salamlayaraq “Konstitutsiya Günü” münasibəti ilə onları təbrik etmiş, Ümummilli Lider tərəfindən əsası qoyulan dövlətçilik ənənələrinin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Çıxış edən Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyev Konstitutsiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişikliyin müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artılımasına yönəldiyini diqqətə çatdırmışdır. Digər çıxış edənlər Konstitutsiyanın cəmiyyətin təhlükəsizliyinin qorunmasında, inkişafa, rifaha nail olunmasında, həmçinin digər cəmiyyətlərlə qarşılıqlı münasibətlər qurmasında əsas vasitə olduğunu bildirmişlər. Sonda “Konstitutsiya Günü” ilə əlaqədar videoçarx nümayiş etdirilmişdir.













