Qəbələ rayonunda “2 Fevral - Azərbaycan Gənclər günü” nə həsr olunmuş tədbir keçirilmişdir.
29 yanvar 2026-cı il tarixdə Qəbələ rayonunda “2 Fevral - Azərbaycan Gənclər günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin, Qəbələ regional “Asan Xidmət” mərkəzinin, rayon təhsil sektorunun, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər iqtisadi-siyasi, mədəni həyatımızın, müstəqil dövlətimizin daha da çiçəklənməsi üçün sağlam, müstəqil düşüncəyə malik olan, kreativ düşüncəli gənclərin yetişdiyini qeyd edərək, Azərbaycanda dövlət gənclər siyasətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulduğunu və bu günkü bayramın Ulu Öndər tərəfindən gənclərə ərmağan olduğunu bildirmişlər. Tədbir çərçivəsində “Region gənclərinin inkişafı və karyera imkanları: dövlət, təhsil, könüllülük və təcrübə mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilmiş və sonda Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən bir qrup gəncə fəxri fərman və təşəkkürnamə təqdim edilmişdir.













