Qəbələ rayonunda “2 fevral - Azərbaycan Gəncləri günü” nə həsr olunmuş tədbir keçirilmişdir
02 fevral 2025-ci il tarixdə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “2 fevral - Azərbaycan Gəncləri günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi Qaraxan Göyüşlü müasir iqtisadi-siyasi, mədəni həyatımızın, müstəqil dövlətimizin daha da çiçəklənməsi üçün sağlam, müstəqil düşüncəyə malik olan, kreativ düşüncəli gənclərin yetişdiyini qeyd etmişdir. Rayon icra hakimiyyətinin nümayəndəsi Pərviz Ağayev çıxış edərək Azərbaycanda dövlət gənclər siyasətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulduğunu və bu günkü bayramın Ulu Öndər tərəfindən gənclərə ərmağan olduğunu bildirmiş, möhtərəm Prezidentimizin Azərbaycan gəncliyinə göstərdiyi qayğı və diqqətdən, aparılan sistemli işlərdən, inkişafın yeni hədəflərinin müəyyən edildiyindən bəhs etmişdir. Digər çıxış edənlər Azərbaycanda gənclər siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən və həyata keçirilən möhtəşəm layihələrdən danışmışlar. Tədbirin sonunda “2 fevral - Azərbaycan Gəncləri günü” nə həsr olunmuş video-çarx nümayiş olunmuş və bir qrup gəncə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanlar təqdim edilmişdir.