Qəbələ rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
Yanvarın 13-də Qəbələdə 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə böyük hörmət və ehtiramlarını bildirmişlər. Mədəniyyət Mərkəzinin akt zalında keçirilən hesabat yığıncağında Azərbaycanın Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov, Milli Məclisin deputatları Elşən Musayev, Eyvaz Qurbanov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Qəbələ Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, şəhid ailələri, müharibə əlilləri və veteranları, ictimaiyyət nümayəndələri iştirak etmişdir. Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası çərçivəsində qazanılmış nailiyyətlər, yola saldığımız ildə ölkəmizin, eləcə də rayonumuzun sosial-iqtisadi, ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələr, kənd təsərrüfatı, turizm və digər sahələrdə görülmüş işlər, həyata keçirilmiş beynəlxalq və respublika əhəmiyyətli tədbirlər haqqında geniş məlumat vermiş, 2025-ci ildə əldə edilmiş uğurların qarşıdan gələn illərdə də davam etdiriləcəyini bildirmişdir. Hesabat yığıncağında çıxış edən Milli Məclisin deputatları Elşən Musayev, Eyvaz Qurbanov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində əldə olunmuş uğurlardan, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, əhalinin sosial rifah halının yüksəldilməsinə yönəlmiş tədbirlərdən danışaraq, son illər həyata keçirilən sistemli islahatların, strateji layihələrin və diplomatik təşəbbüslərin qarşıdakı illərdə daha geniş hədəflərin müəyyən olunmasına imkan verdiyini qeyd etmişlər. Digər çıxış edənlər rayonumuzda görülən işləri, sosial infrastrukturun yenilənməsini, yeni iş yerlərinin açılması istiqamətində mühüm işlər görüldüyünü vurğulayaraq bütün bunlara görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
Daha sonra yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Sonda çalışdığı sahədə əldə etdiyi nailiyyətlər və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə Qəbələ Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2025-ci il tarixli 632 nömrəli Sərəncamı ilə Qəbələ RİHB aparatının əməkdaşı Fuad Zəkəriyəzadəyə təltif edildiyi “Dövlət qulluğunda fərqlənməyə görə medal”ı təqdim edilmişdir.













