Qəbələ rayonunda 27 sentyabr Anım Günü tədbiri keçirilmişdir
27 sentyabr – Anım Günü ilə əlaqədar Qəbələ rayon Şəhidlər Xiyabanında ümumrayon tədbiri keçirilmişdir. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərlərinin, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Dövlət Himni səslənmiş və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Ordu quruculuğu strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən çox böyük uğurla davam etməsindən, onun bir çağırışıyla dəmir yumruq kimi birləşən ordu-xalq birliyinin əzmlə mübarizə aparmasından və Böyük Zəfərlə yekunlaşan qələbəmizdən bəhs etmiş, şəhidlərə Allahdan rəhmət, şəhid ailələrinə səbir, qazilərə can sağlığı arzulamışdır. Şəhid valideynləri, Vətən Müharibəsi iştirakçıları, ağsaqqallar, gənclər və Xocalı şəhər sakinləri adından çıxış edən Cəlil Səgərçinov, Elşad Abdurahmanov, Telman Abduxalıqov, Teymur Alışanov və Kamal Məmmədov Vətən müharibəsində şəhid və qazilərimizin qəhrəmanlıqlarından söz açmış, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər. Tədbir iştirakçıları topraqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin xatirəsinə ucaldılmış kompleksi ziyarət edərək, məzarlara və xatirə lövhələrinin qarşısına gül dəstələri düzmüşlər. Həmçinin gün ərzində 27 sentyabr – Anım günü ilə əlaqədar rayonda fəaliyyət göstərən bütün məscid və kilsələrdə şəhidlərin ruhuna dualar oxunmuşdur.