Qəbələ rayonunda 5 oktyabr – “Beynəlxalq Müəllimlər Günü” qeyd olunub
Qəbələdə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova tədbirdə çıxış edərək təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik etmiş, ölkəmizdə müəllim əməyinə verilən yüksək qiymətdən, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyasının bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilməsindən danışmış, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heyər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin digər bölgələri ilə yanaşı, Qəbələ təhsilinə də göstərdiyi yüksək diqqət və qayğıdan bəhs etmişdir. Rayon təhsil sektorunun müdiri Arifə Bayramova təhsil işçilərinin ötən dərs ilində əldə etdikləri nailiyyətlərdən, müəllimlərimizin rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakından söz açaraq qazanılan uğurlarda təhsil işçilərinin də əhəmiyyətli rolu olduğunu diqqətə çatdırmış və bütün müəllimləri bu adın şərəfini daima yüksəltməyə, ölkəmizin inkişafı naminə hazırlıqlı şagirdlər yetişdirməyə səsləmişdir. Çıxış edən Şəki – Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Səbuhi Qurbanov ölkəmizdə son illər milli təhsil sisteminin inkişafında həyata keçirilən islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramların və digər irimiqyaslı layihələrin qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldiyini qeyd etmişdir. Tədbir zamanı Uşaq və Gənclərin İnkişafı Mərkəzinin üzvlərinin ifasında müəllimlərə həsr olunmuş şeirlər səsləndirilib, rəqslər ifa edilib. Sonda təhsilin inkişafındakı xidmətlərinə, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup təhsil işçisinə rayon icra hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və rayon təhsil sektorunun fəxri fərmanları və xatirə hədiyyələri təqdim edilmişdir.