Qəbələ rayonunda 8 noyabr “Zəfər Günü” qeyd olunmuşdur
Qəbələ Rayon Mədəniyyət Mərkəzində 8 Noyabr - “Zəfər Günü” münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Milli Məclisin deputatı Elşən Musayevin, Qəbələ Rayon İcra Hakimiyyətinin, idarə müəssisə və təşkilatların nümayəndələrinin, ziyalıların, ağsaqqalların və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən konfransda ilk olaraq Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Ordu quruculuğu strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən çox böyük uğurla davam etməsindən, onun bir çağırışıyla dəmir yumruq kimi birləşən ordu-xalq birliyinin əzmlə mübarizə aparmasından və qalib gəlməsindən bəhs etmiş, şəhidlərə Allahdan rəhmət, şəhid ailələrinə səbir diləmiş, qazilərə can sağlığı arzulamışdır. Milli Məclisin deputatı Elşən Musayev çıxış edərək bayram münasibətilə Azərbaycan xalqını təbrik etmiş, müharibə zamanı Ordumuzun keçdiyi döyüş yolundan bəhs etmişdir. Şəhid atası Cəlil Səfərçinov çıxışında müharibədə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlardan söz açaraq, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər. Digər çıxış edənlər Azərbaycan Ordusu tərəfindən ərazi bütövlüyümüzün təmin olunması missiyasını Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tam və qəti şəkildə yerinə yetirilməsini diqqətə çatdıraraq, Vətən uğrunda şəhid olmuş vətən oğullarının əziz xatirəsinin hər zaman əziz tutulacağını qeyd etmişlər. Sonda “Zəfər Günü” nə həsr edilmiş video-çarx nümayiş olunmuşdur.