Qəbələ rayonunda Bunud-Həzrə avtomobil yolu yenidən qurulub
Ölkə ərazisində yol infrastrukturunun yenidən qurulması ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Qəbələ rayonunda uzunluğu 5,5 kilometr olan yerli əhəmiyyətli Bunud-Həzrə avtomobil yolunun yenidən qurulması yekunlaşıb. Qeyd edək ki, analoji yenidənqurma işləri Qəbələ rayonu ərazisində Zarağan-Aydınqışlaq (3,8 kilometr), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10,5 kilometr) və Şamlı-Tola (6,3 kilometr) avtomobil yollarında da davam edir. Hazırda Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı yolunda asfaltlanma işləri görülür. Beləliklə ümumi uzunluğu 26 kilometrdən çox olan və 13 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən bu yolların yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.