Qəbələ rayonunda "İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici seminar keçirilib
07 iyun 2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsində "İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici seminar keçirilib. Qəbələ Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin, FHN-nin Şimal-Qərb Regional Mərkəzinin, rayon polis şpbəsnin, rayon təhsil sektorunun, Vətən Müharibəsi qazilərinin və gənc çağırışçıların iştirakı ilə keçirilən seminar Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlamış, Ulu Öndərin və torpaqlarımızın işğaldan azad olması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamızın Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulduğunu bildirərək, Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması və ölkəmizdə dövlət tərəfindən insan hüquqlarının qorunması istiqamətində görülən işlər haqqında danışmışlar.