Qəbələ rayonunda “Uşaq və yeniyetmələrin sağlamlığının qorunması” mövzusunda seminar keçirilib
21 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ rayonu üzrə Təhsil sektorunun təşkilatçılığı ilə Qəbələ şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində “Uşaq və yeniyetmələrin sağlamlığının qorunması” mövzusunda seminar keçirilib. Seminarda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının məktəbəqədər, ümumtəhsil müəssisələrinin müəllimələri, tibb işçiləri və pediatrları iştirak etmişlər. Seminarda çıxış edənlər uşaqların icbari dispanserizasiyası, qurd invaziya hallarının azaldılması, uşaqlar arasında peyvəndlənmənin əhəmiyyəti, şəxsi gigiyena qaydalarına riayət olunması, təhsil müəssisələrinin tikintisi və maddi-texniki təchizatına dair vahid normalar, məktəblilər arasında travmatizmə qarşı profilaktika, narkomaniya, alkoqolizm və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi barədə ətraflı məlumat vermişlər. Məktəblilərin sağlamlığının etibarlı qorunması və sanitariya-epidemioloji sabitliyin təmin edilməsi məqsədilə keçirilən görüşdə iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılmış və mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Sonda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış “İnfeksiyaya necə yoluxurlar?”, “Qrip”, “Meymunçiçəyi” və “Ətrafdakılara təsir (passiv siqaret çəkmə)” mövzularında maarifləndirici bukletlər və əyani təbliğat materialları seminar iştirakçılarına təqdim olunmuşdur.













