Qəbələ rayonunun təhsil müəssisələrində “28 May - Müstəqillik Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib
Qəbələ rayon təhsil müəssisələrində Müstəqillik Günü ilə əlaqədar mühazirələr, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar,şagirdlərin əl işlərindən ibarət sərgilər, fotostendlər təşkil edilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, keçdiyi inkişaf yolu, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr barədə şagirdlərə geniş məlumat verilib. Ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edilib, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tariximizin ən şərəfli səhifələrindən biri olduğu bildirilib. Həmçinin Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, 2020-ci ilin xalqımız üçün tarixi ədalətin bərpa olunduğu Zəfər ili kimi yadda qaldığı nəzərə çatdırılıb.Şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Bundan əlavə, tədbirlərdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və dövlətçilik tariximizdəki rolundan bəhs edən videoçarx nümayiş olunub.