Qəbələ rayonunun ümumtəhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir
Qəbələ rayonunun ümumtəhsil müəssisələrində 8 Noyabr Zəfər Gününə həsr olunmuş seminarlar, mühazirələr, “Açıq dərs”lər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, intellektual oyunlar təşkil edilmiş, “Zəfərin mübarək, Azərbaycan!”, “Xarı bülbül qoxulu Zəfər Günü” adlı tədbirlər keçirilmişdir. Tədbirlərdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğurunda qurban vermiş şəhidlərimizin müqqədəs xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması, xalq-ordu birliyi barədə geniş məlumat verilmiş, məktəblilərin ifasında Böyük Zəfərə həsr olunmuş şeir kompozisiyalar dinlənilmişdir. Təhsil müəssisələrində, həmçinin Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub.