Qəbələ regional “ASAN xidmət” mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Qəbələ regional “ASAN xidmət” mərkəzinin əməkdaşları və könüllülərinin, eləcə də Vətən müharibəsi iştirakçıları olan mərkəz əməkdaşlarının iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixindəki mühüm əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaətdən, xalqımızın birlik və həmrəyliyindən bəhs etmiş və Mərkəzin Vətən müharibəsi iştirakçıları olan əməkdaşları öz döyüş xatirələrini bölüşərək tarixi Zəfərə aparan yoldan danışmışlar. Həmçinin 8 Noyabr-Zəfər Günü ilə əlaqədar Qəbələ regional “ASAN xidmət” mərkəzində mərkəz rəhbərliyinin və əməkdaşlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində mərkəzin ərazisində 20-yə yaxın müxtəlif növ meyvə ağacı əkilib.













