Qəbələ şəhərində IV İdman Festivalı keçirilib
21 noyabr 2025-ci il tarixdə “Qəbələ İdman Paytaxtı 2025” çərçivəsində Qəbələ şəhərində IV İdman Festivalı keçirilib. Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək Ulu Öndərə öz ehtiramlarını bildirmişlər. Heydər Əliyev parkında təşkil olunan festivalda badminton, cüdo, kamandan oxatma, qılıncoynatma, qış idman növləri, stolüstü tennis, triatlon, voleybol, basketbol, reqbi, gimnastika, avarçəkmə, atletika, boks, taekvondo, velosiped idmanı, həndbol, atıcılıq, tennis, üzgüçülük, ağırlıqqaldırma, alpinizm, futbol və güləş idman növləri nümayiş olunub. Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirakçıları salamlayaraq belə möhtəşəm tədbirin Qəbələdə keçirilməsinə görə əlaqədar təşkilatlara təşəkkür etmiş, ölkəmizdə gənclər siyasətinin, gənclərə, idmana qaygının daim dövlətin diqqət mərkəzində saxlanıldığını qeyd etmiş, Qəbələdə keçirilən beynəlxalq tədbirlər, idman yarışları haqqında məlumat vermiş, rayonda idmançılar üçün yaradılan şəraitdən danışmışdır. Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Festivalın əvvəlki günlərində Şəkidə maarifləndirici fəaliyyətlərin, müxtəlif intellektual oyunların, film nümayişləri və 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi çərçivəsində Konstitusiya mövzusunda təlimlərin keçirildiyini qeyd etmişdir. 24 federasiyanı təmsil edən 104 nəfər idmançının iştirak etdiyi mərasim bədii hissə ilə davam etmişdir.













