"Qəbələ - Xankəndi marşrutu üzrə Ultramarafon qaçışına start verilib
Aprel ayının 10-da 2025-ci il üçün idman paytaxtı seçilmiş Qəbələdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası, Bakı Şəhər Halqası, “Zəfər” qaçış klubu və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Qəbələ-Xankəndi” marşrutu üzrə ultramarafon qaçışına start verilib. Qəbələ şəhər Heydər Əliyev parkında təşkil olunan tədbirin rəsmi hissəsi Azərbaycan Dövlət Himninin səslənməsi və Ümummilli Lider Heydər Əliyevin, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova qonaqları salamlayaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan idman və gənclər strategiyasının bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, beynəlxalq miqyaslı tədbirlərə - dövlət başçılarının iştirakı ilə keçirilən zirvə toplantılarına, görüşlərə, sammit və forumlara, beynəlxalq idman yarışlarına ev sahibliyi edən Qəbələnin 2025-ci il üçün “Azərbaycanda İdman Paytaxtı” seçilməsi ilə yanaşı həm də MDB ölkələri arasında “Gənclər Paytaxtı” seçildiyini diqqətə çatdırmış və idmançılara uğurlar arzulamışdır. Çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva ardıcıl ikinci dəfə keçirilən ultramarafonun yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, yarış iştirakçılarının marşrutun 3-cü günü Bərdədən Ağdamadək 44 kilometr məsafə qət edəcəklərini və bu rəqəmin Vətən müharibəsində qazanılan zəfərlə əlaqədar rəmzi məna daşıdığını diqqətə çatdırmışdır. Digər çıxış edənlər ultramarafona marağın ildən-ilə artdığını, bu cür yarışların bölgələrdə idmanın inkişafına böyük təkan verdiyini bildirmişlər. “İdman Paytaxtı Qəbələ”- dən start götürən marafona Azərbaycan,Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstandan 81 nəfər atlet qatılıb. 10-13 aprel 2025-ci il tarixlərdə keçiriləcək marafonda iştirakçılar 192 km məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar.