Qəbələdə “15 iyun - Milli Qurtuluş Günü”nə həsr edilmiş konfrans keçirilmişdir
14 iyun 2025-ci il tarixdə "Konstitusiya və Suverenlik İli“ çərçivəsində “Milli Qurtuluş Günü” münasibəti ilə konfrans keçirilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və gənclərin iştirakı ilə Qəbələ Mədəniyyət Mərkəzində keçirilən konfrasda ilk olaraq Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev konfrans iştirakçılarını salamlayaraq Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri olmuş, xalqımızın xilaskarı, dahi lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən, iqtisadi islahatlardan, ideoloji prinsiplərdən danışmış, Ümummilli Liderin daxili və xarici siyasət kursu, dövlət quruculuğu konsepsiyasının Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini və yeni çalarlarla zənginləşdirildiyini diqqətə çatdırmışdır. Digər çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik əsl qurtuluş tarixi olduğunu qeyd etmiş, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynadığını vurğulamışlar. Sonda “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.













