Qəbələdə 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Qəbələ rayonu üzrə təhsil sektorunun və ETİHİ-nin Qəbələ Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və dünyasını dəyişmiş təhsil işçilərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova müəllimləri peşə bayramları münasibətilə təbrik etmiş, təməli Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə ölkə Prezidenti İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilən təhsil strategiyasının ardıcıl və davamlı inkişafından danışmış, müəllimlərə bu şərəfli işlərində uğurlar arzulamışdır. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxışında müəllim peşəsinin yüksək dəyərlərindən, cəmiyyətin inkişafında müəllimlərin əvəzsiz rolundan danışmışdır. Tədbirdə çıxış edən müəllimlər dövlətimiz tərəfindən müəllimlərə göstərilən qayğıya, təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərə görə dövlətə və dövlət başçısına minnətdarlıqlarını bildirmişlər. Tədbirdə bir qrup müəllimə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək naliyyətlər əldə etdiklərinə görə və 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, nazirliyin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Fəxri Fərmanları və ETİHİ-nin Qəbələ Rayon Komitəsinin hədiyyələri təqdim olunmuşdur. Tədbir şagirdlərin ifasında müəllim peşəsinə həsr edilmiş ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri ilə davam etmişdir.













