Qəbələdə “Alternativ Enerji Mənbələrindən İstifadənin Pilot layihəsi”nin Təqdimat tədbiri keçirilib
31 avqust 2024-cü il tarixdə Qəbələ şəhərində yerləşən Garden Oteldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi “Yaşıl Enerji” siyasətinə uyğun olaraq Bərpa olunan Enerji Mənbələrindən səmərəli istifadə edilməsi məqsədilə, “SAVALAN – ASPİ Winery” MMC-nin Qəbələ rayonunun Savalan kəndində yerləşən şərab zavodunda ümumilikdə gücü 450 kvt olan 3 ədəd Günəş Elektrik Stansiyasının tikintisinin başa çatması ilə əlaqədar təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan “SAVALAN – ASPİ Winery” MMC-nin baş direktoru Arif Rəhimov öncə bütün tədbir iştirakçılarını salamlayaraq bu gün Qəbələdə istifadəyə verilən günəş elektrik stansiyalarının bərpa olunan enerjinin inkişafında böyük əhəmiyyət kəsb etdiyini və bu layihənin tək Azərbaycan deyil bütün dünyaya səs salacağını diqqətə çatdırmışdır. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək rayonun inkişaf perspektivlərini nəzərə çatdırmış, istifadəyə verilən Günəş Elektrik Stansiyasının ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə və cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək “COP-29”-a Qəbələnin böyük töhvəsi olduğunu qeyd edərək, layihənin həyata keçirilməsində zəhməti olan hər kəsə rayon ictimaiyyəti adından dərin minnətdarlığını bildirmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev çıxışında Günəş Elektrik Stansiyasının gücü və əhəmiyyətindən danışmış, Azərbaycanda uğurla aparılan “yaşıl” enerji siyasətinin artıq sənaye müəssisələri və hətta fərdi evlərdə də tətbiq edilməyə başlanıldığını qeyd etmişdir. “SEES” MMC şirkətinin baş direktoru Vüqar Şahmuradov isə çıxışında böyük günəş elektrik stansiyalarından fərqli olaraq paylanmış şəkildə qurulan kiçik stansiyaların yerli transformator məntəqələri vasitəsilə paylanıldığını və paylayıcı şəbəkədən ötürüləcək gücləri qismən əvəzlədiyini diqqətə çatdıraraq, gələcəkdə bu tip qurulan kiçik stansiyaların əlavə qazanc mənbəyi kimi işləyəcəyini bildirmişdir. Sonda Qəbələ rayonu Savalan kəndi ərazisində Bərpa Olunan Enerji Mənbələrindən səmərəli istifadə məqsədilə inşa edilmiş, gücü 450 kvt olan Günəş Elektrik Stansiyasına və Günəş Panellərinə baxış keçirilmişdir.