Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Aqrar Biznes Festivalı” keçirilib

26 aprel 2024 | 10:14

24 aprel 2024-cü il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aqrar innovasiyaların təbliği və təşviqi məqsədilə “Aqrar Biznes Festivalı” keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin, Sahibkarlar Konfederasiyasının, İstehlak Mallarının Ekspertizası Mərkəzinin rəhbərləri ilə yanaşı, Qəbələ, Balakən, Qax, Oğuz, Zaqatala və Şəki rayonlarından 60-dan çox aqrar sahədə fəaliyyət göstərən özəl şirkət və dövlət qurumlarının nümayəndələri iştirak etmişlər. Qəbələ “ASAN xidmət” mərkəzində keçirilən festivalda fermerləri maraqlandıran müxtəlif kənd təsərrüfatı təyinatlı texnologiyalar və məhsullar, həmçinin 2024-cü ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinin çağırışlarının təşviqatı məqsədilə təbiətqoruyucu və iqlimədost texnologiyalar nümayiş olunub. Tədbirdə çıxış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Aqrar Biznes Festivalların sahibkarlarla fermerləri bir araya gətirən, maairfləndirmə prosesinə mühüm töhfə verən platforma kimi dəyərləndirmiş, bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanı baxımından fermerlər, eyni zamanda sahibkarlar üçün  əhəmiyyətli olduğunu qeyd etmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxışında təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan aqrar sahəyə diqqət və qayğının bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmiş, “Aqrar Biznes Festivalı”nın növbəti dəfə Qəbələdə keçirildiyinə görə təşkilatçılara təşəkkürünü bildirmiş, Festivalın işinə uğurlar arzulamışdır. Festival çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin mütəxəssisləri “Azərbaycanda 2023-cü ildə tütün istehsalı” mövzusunda təqdimat etmişlər. Sonda  Sahibkarlar Günü münasibətilə 2024-ci ilin I rübü ərzində yüksək nəticə əldə etmiş sahibkarlara təşəkkürnamələr təqdim edilmişdir.

Keçidlər