Qəbələdə Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Oktyabrın 5-də Qəbələdə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova tədbirdə çıxış edərək təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik etmiş, ölkəmizdə müəllim əməyinə verilən yüksək qiymətdən, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyasının bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilməsindən danışmış, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heyər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin digər bölgələri ilə yanaşı, Qəbələ təhsilinə də göstərdiyi yüksək diqqət və qayğıdan bəhs etmişdir. Rayon təhsil sektorunun müdiri Arifə Bayramova təhsil işçilərinin ötən dərs ilində əldə etdikləri nailiyyətlərdən, müəllimlərimizin rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakından söz açaraq və qazanılan uğurlarda təhsil işçilərinin də əhəmiyyətli rolu olduğunu diqqətə çatdırıb və bütün müəllimləri bu adın şərəfini daima yüksəltməyə, ölkəmizin inkişafı naminə hazırlıqlı şagirdlər yetişdirməyə səsləyib. Tədbir zamanı Uşaq və Gənclərin İnkişafı Mərkəzinin üzvləri müəllimlərə həsr olunmuş şeirlər səsləndirilib, rəqslər ifa edilib. Sonda təhsilin inkişafındakı xidmətlərinə, rayonun ictimai işlərində fəallığına görə bir qrup təhsil işçisinə rayon icra hakimiyyətinin və təhsil sektorunun fəxri fərmanları və xatirə hədiyyələri təqdim edilib.