Qəbələdə “Böyrək sağlamlığı həftəsi” çərçivəsində müayinələr keçirilib
Ümumdünya Böyrək Gününə həsr olunmuş “Böyrək sağlamlığı həftəsi” layihəsi çərçivəsində Qəbələ RMX-da bölgə əhalisinə paytaxtdan dəvət olunmuş uzman və ixtisaslı həkimlər tərəfindən tibbi xidmətlər göstərilib. 11-12 mart tarixlərində baş tutan tibbi müayinələrdə 967 vətəndaşa, o cümlədən müharibə iştirakçıları və şəhid ailələrinin üzvlərinə nefroloq, uroloq, ginekoloq, endokrinoloq, terapevt və pediatrlar tərəfindən 4183 tibbi xidmət göstərilib və maarifləndirici söhbətlər aparılıb. Layihə çərçivəsində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon mərkəzi xəstəxanalarının həkimləri üçün böyrək xəstəliklərinin diaqnostikası və müalicəsinə müasir yanaşma mövzusunda seminar keçirilib. Sonda layihədə uğurla iştirak edən həkim-mütəxəssislər TƏBİB tərəfindən təşəkkürnamə ilə təltif edilib.