Qəbələdə fəaliyyət göstərən “Azərxalça” ASC-nin emalatxanasında növbəti sərgi və satış salonunun açılışı olmuşdur
23 iyun 2025-ci il tarixdə Qəbələdə fəaliyyət göstərən xalça emalatxanası nəzdində növbəti, üçüncü sərgi və satış salonunun açılışı olmuşdur. Açılışda “Azərxalça” ASC-nin İdarə heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov, qurumun yaradıcı heyəti və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirak etmişdir. Tədbirdə “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov çıxış edərək istər ölkə daxilində, istərsə də xaricdə daim diqqət mərkəzində olan, əsrarəngiz rəng palitrasına sahib xalçaların hazırlanıb ərsəyə gəlməsində 693 işçinin əməyindən istifadə olunduğunu diqqətə çatdırmış, “Azərxalça”nın rayonlarda yaşayan anaların, nənələrin sevgi ilə toxuduqları möhtəşəm xalçalarını artıq turistlər yalnız Bakıda deyil, Qəbələdə də fəaliyyət göstərən sərgi-satış salonundan əldə edə biləcəklərini, uşaqların və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasında xüsusi yeri olan məkan olacağını qeyd etmişdir. Daha sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Qəbələnin bu gün qədim və müasir inkişaf dövrünü yaşadığını, bölgənin Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevrildiyini və hər il buraya baş çəkən yerli və xarici turistlərin sayının artdığını, müasir Qəbələnin geniş, rahat asfalt yolları və küçələri, möhtəşəm binaları, beynəlxalq aeroportu, dünya səviyyəli konqres salonu, beşulduzlu otelləri, yaraşıqlı parkları, idman meydançaları, istirahət mərkəzləri olan modern şəhər olduğunu diqqətə çatdırmış, “Azərxalça” ASC-nin emalatxanası daxilində fəaliyyət göstərən əsrarəngiz, əsl əl işi olan Azərbaycan xalçalarının satışının baş tutacağı salonun da gələcəkdə rayonun əsas turistik mərkəzlərindən birinə çevriləcəyinə inandığını və istənilən dəstəyin göstəriləcəyini xüsusi qeyd etmişdir. Sərgi və satış salonunda turistlər üçün xalçaçılıqla bağlı maraqlı və fərqli xidmətlər göstəriləcəkdir. Emalatxanaya gəlib toxuma prosesində iştirak etmək, çay içərək ümumi prosesi izləmək və ya özünün kiçik suvenir xalçasını toxumaq (və ya toxutdurmaq) istəyən turistlər öncədən emalatxana rəhbərliyinə müraciət edərək xidmətlərdən (ödənişli) istifadə edə bilərlər. “Azərxalça” ASC-nin emalatxanalarında mütəxəssislər tərəfindən hazırda yun və ipək xalçalar istehsal olunur. Həm yerli, həm də dünya bazarının tələbləri nəzərə alınmaqla dolğun rəngli, incə naxışların əks olunduğu ənənəvi xalçalarla yanaşı, müasir dizayna uyğun, çağdaş interyerin tələblərini ödəyən məhsulların istehsalı da həyata keçirilir. Xalçalarda hər zaman fərqlilik olması üçün həm yerli, həm də xarici dizayner, rəssam və xalçaçı ustalarla əməkdaşlıq edilir.