Qəbələdə Fövqəladə Hallar Komissiyasının iclası keçirilmişdir
30 iyun 2022-ci il tarixdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövrünü nəzərə alaraq yanğın hadisələrinin baş verməməsi məqsədi ilə Qəbələ rayon fövqəladə hallar komissiyasının iclası keçirilmişdir. Rayon icra hakimiyyətinin, polis şöbəsinin, Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin, eləcə də taxılçılıqla məşğul olan təsərrüfat sahiblərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər tədbirin məqsəd və əhəmiyyətindən danışaraq, yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının, kövşən sahələrinin yandırılmamasının, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyini vurğulamış, baş verə biləcək yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışmışlar. Qeyd olunmuşdur ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün şəxslərin əsas vəzifələrindəndir və bu sahədə onların qarşısında ciddi məsələlər durur. Daha sonra mövzü ətrafında fikir mübadiləsi aparılmış, suallar cavablandırılmış, yanğından mühafizə barəsində tövsiyə və tapşırıqlar verilmişdir.