Qəbələdə Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinin açılışı keçirilib.
23 iyun 2025-ci il tarixində Qəbələdə Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən builki yarışlarda Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan və Belarusdan olan komandalar da iştirak edir. Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin müavini general-mayor Adil Abdullayev və Nazirliyin məsul əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, yerli Elm və Təhsil idarəsinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri iştirak ediblər. Tədbirə Azərbaycan Respublikasının Dövlət bayrağının meydana gətirilməsi və Dövlət himninin səsləndirilməsi ilə start verilib. Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev keçirilən yarışların yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, məktəblilərdə fövqəladə hallarla mübarizə sahəsində əməli vərdişlərin formalaşması və bu istiqamətdə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir müavini xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi dövlət gənclər siyasətinin bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini xatırladıb, bu siyasət nəticəsində Vətəninə, dövlətinə bağlı, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik gənc nəslin formalaşdığını qeyd edib. Daha sonra çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarışların əhəmiyyətindən danışıb, belə müsabiqələrin keçirilməsinin yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə sahəsində yeni təcrübələr əldə etməsi, həmçinin bu sahədə beynəlxalq əməkdaşlıq üçün mühüm rol oynadığını vurğulayıb və builki yarışların əlamətdar tarix olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyinə həsr olunduğunu bildirərək iştirakçılara uğurlar arzulayb. Tədbirin Təşkilat komitəsinin üzvü Məhbubə Mustafayeva yarışların əhəmiyyətindən ətraflı bəhs edərək, bütün komandalara müvəffəqiyyətlər arzulayıb. Sonra yarışlara qatılmış komandaların təntənəli keçidi baş tutub. Builki Ümumrespublika birinciliyinin final mərhələsində 12 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparacaqlar. Həmçinin, respublikanın müxtəlif bölgələrindən olan şəhid ailələrinin üzvləri builki yarışa dəvət olunub. Onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün əlavə proqramların keçirilməsi nəzərdə tutulur.
Yarışlar iyunun 29-na kimi davam edəcək.