Qəbələdə gənc tibb işçilərinin peşəkar inkişafına həsr olunmuş konfrans keçirilib
Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Qəbələ rayonunda gənc tibb işçilərinin peşəkar inkişafına həsr olunmuş konfrans keçirilib. Heydər Əliyev Konqres Mərkəzində keçirilən tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova, Səhiyyə Nazirliyinin, TƏBİB-in və digər dövlət və ictimai qurumların nümayəndələri, Qəbələ, Oğuz, Balakən, Qax, Zaqatala və Şəki şəhər və rayonlarından gənc tibb işçiləri, həmkarlar ittifaqı nümayəndələri və digər qonaqlar iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək ölkəmizdə səhiyyə sahəsinin inkişafına göstərilən dövlət qayğısından, səhiyyə sistemində gənc tibb işçilərinin rolundan və onların peşəkar inkişafı üçün yaradılan imkanlardan danışıb, regionlarda çalışan gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılmasının, onların fəaliyyətinin dəstəklənməsinin və gənclərin səhiyyə sahəsində potensialının daha səmərəli reallaşdırılmasının əhəmiyyətini vurğulayıb. Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova çıxışında gənc tibb işçilərinin peşəkar inkişafının, sosial rifahının və əmək hüquqlarının müdafiəsinin həmkarlar ittifaqının fəaliyyətində mühüm istiqamətlərdən biri olduğunu qeyd edərək, regionlarda çalışan gənc mütəxəssislərin dəstəklənməsi, onların davamlı inkişafı və peşəkar imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri qeyd edib. Digər çıxış edənlər isə səhiyyə sistemində gənc kadrların potensialından səmərəli istifadə olunmasının, onların müasir bilik və bacarıqlarının artırılmasının, davamlı peşəkar inkişafının təmin edilməsinin və regionlarda çalışan gənc tibb işçiləri üçün əlverişli imkanların yaradılmasının vacibliyini diqqətə çatdırıblar. Konfrans çərçivəsində “Səhiyyə gəncləri üçün peşəkar çağırışlar” və “Gənclərin regionlarda inkişaf yolu” mövzularında panel müzakirələri keçirilib. Panel müzakirələrində gənc tibb işçilərinin karyera planlaması, davamlı peşəkar inkişafı, psixoloji rifahın qorunması, hüquqi risklər, xəstə hüquqlarının müdafiəsi, regionlarda fəaliyyət göstərən tibb müəssisələrində mövcud problemlər və gənc kadrların bölgələrdə davamlı məşğulluğunun təşviqi məsələləri müzakirə olunub. Tədbirin interaktiv hissəsində “Gənc Tibb İşçiləri arasında İntellektual Yarış” təşkil olunub. Yarış zamanı iştirakçılar tibbi biliklərlə yanaşı, analitik düşünmə, klinik qərarvermə, etik yanaşma və komanda işi bacarıqlarını nümayiş etdiriblər.Yarışın sonunda qalib komanda kubok və hədiyyə paketi ilə, iştirakçılar isə sertifikatlarla təltif olunublar.













