Qəbələdə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib
15 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi rayonların ümumtəhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışlarının zona birinciliyi keçirilmişdir. Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə birinciliyin keçirilməsində əsas məqsəd şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və sağlam həyat tərzinin aşılanmasından ibarətdir. Tədbirdə çıxış edənlər yarışın əhəmiyyətindən danışmış, iştirakçılara uğurlar arzulamışlar. “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət yarışların yekununa əsasən, Qəbələ rayon H.Rəşidov adına Vəndam qəsəbə 2 saylı tam orta məktəb I yerə, Şəki şəhər Fizika-Riyaziyyat Humanitar təmayüllü liseyin komandası II yerə, Balakən rayonu, Ü.Hacıbəyov adına Qabaqçöl qəsəbə tam orta məktəbin komandası isə III yerə layiq görülmüş müvafiq yerlər üzrə kubok və diplomlarla təltif olunmuşlar. Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak hüququ qazanmışdır.