Qəbələdə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib
08 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının 2025-ci il üçün Mülki Müdafiə Tədbirləri Planı”nına uyğun olaraq, Qəbələ rayonunun hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilmişdir. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən yaradılmış hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə keçirilən məşq zamanı əsas diqqət dəstələrin toplanış məntəqəsinə vaxtında çatmalarına və tam təchizatla təmin olunmalarına yönəldilmişdir. Toplanış siqnalı verildikdən sonra dəstələr zəruri əmlak və texnika ilə təchiz edilərək əvvəlcədən müəyyən edilmiş toplanış məntəqəsi — “Qəbələnd” əyləncə mərkəzinin ərazisində toplanmışdır. Məşqə FHN-in Şimal-Qərb Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin şəxsi heyəti, Qəbələ Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar üzrə Komissiyası, Mülki Müdafiə Qərargahının üzvləri, Mülki Müdafiə xidmətləri və bu xidmətlər çərçivəsində yaradılmış ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti və texnikası cəlb olunmuşdur. Ümumilikdə məşqə rayonda fəaliyyət göstərən 14 idarə, müəssisə və təşkilatdan 160 nəfər əməkdaş və 36 ədəd texnika cəlb edilmişdir. Nəticə etibarilə, Qəbələ rayonunun hərbiləşdirilməmiş mülki müdafiə dəstələri fövqəladə hadisə baş verdiyi təqdirdə onun nəticələrinin operativ şəkildə aradan qaldırılmasına tam hazır olduqlarını nümayiş etdirmişlər.













