Qəbələdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi dəyərlərə qayıdış” mövzusunda regional konfrans keçirilib.
Mayın 12-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi dəyərlərə qayıdış” mövzusunda regional konfrans keçirilib. Konfransda müvafiq dövlət orqanlarının nümayəndələri, Qəbələ, Oğuz və Şəki rayonlarında fəaliyyət göstərən 180-dan çox din xadimi iştirak edib. Öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüşlər. Heydər Əliyev Konqress Mərkəzində keçirilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev konfransı giriş sözü ilə açaraq konfrans iştirakçılarını salamlamış, tədbirin təşkilatçılarına rayon ictimaiyyəti adından təşəkkürünü bildirmiş, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı islahatların əsasını təşkil etdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edildiyini qeyd edərək, Qəbələdə milli-mənəvi dəyərlərimizin, eləcə də tolerantlıq və multikulturalizm prinsiplərinin qorunması məqsədilə görülmüş işlərdən danışmışdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında bildirmişdir ki, müasir dövrdə, qloballaşmanın vüsət aldığı indiki tarixi mərhələdə milli-mənəvi dəyərlərin hüdudlarını müəyyənləşdirmək getdikcə çətinləşir. Bir çox xalqlar iki yolun ayrıcında – qloballaşma ilə ayaqlaşmaq və milli-mənəvi dəyərləri qorumaq arasındakı çox incə xətti müəyyən etmək kimi çətin seçim qarşısında qaldığı halda Azərbaycan öz dəyərlərinə sadiqlik prinsipini seçib. Milli Məclisin deputatı Eldar İbrahimov isə konfransın əhəmiyyətinə diqqət çəkərək bildirib ki, Ulu Öndər Heydər Əliyev dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərini də həyata keçirirdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan və milli-mənəvi dəyərlərə əsaslanan islahatların başlıca məqsədi müasir dünya çağırışlarına cavab verən güclü, rəqabətədavamlı və vətəndaşların rifahını təmin edən dövlətin qurulmasıdır.
Regional konfrans işini panel iclasları ilə davam etdirmişdir.
Konfransın “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunan birinci panel sessiyasına Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Məmmədov moderatorluq edib. Çıxış edənlər – Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elşən Musayev Azərbaycanda dövlət-din münasibətlərinin dünyəvilik prinsipi ilə tənzimlənməsindən, Heydər Əliyevin milli-mənəvi dəyərlərə, adət-ənənələrə, dini etiqada əsaslanaraq, çox böyük milli-əxlaqi və bəşəri duyğuları özündə cəm edən, cəmiyyətimizə, xüsusən də gənclərimizə böyük örnək olan dahi şəxsiyyət olmasından danışmışlar.
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimi Müşfiq Şükürovun (Ötgün) moderatorluğu ilə “Azərbaycanda ənənəvi dini mühit və ona qarşı təhdidlər” mövzusunda keçirilən ikinci paneldə çıxış edən Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov, Aİİ-nin Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Anar Qafarov, Aİİ-nin Dinşünaslıq kafedrasının müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Daşdəmir Mahmandarov ölkəmizdə tarixən formalaşmış dini mühitin tolerantlıq, qarşılıqlı anlaşma və məzhəblərarası həmrəylik üzərində qurulduğundan, dünyəvi dövlətdə dini təhdidlər və tədbir mexanizmləri haqqında danışmışlar.
Regional konfransın yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, qlobal çağırışlar, dünyada baş verən mürəkkəb proseslər dini-ideoloji sahəyə diqqətin artırılmasını, bu sahədə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və inanclı kontingent arasında təbii harmoniyanın möhkəmləndirilməsini zəruri edir. Komitə sədri mühüm məsələlərin müzakirə edildiyi və faydalı təcrübələrlə zəngin olan silsilə regional konfransların bu baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.













