Qəbələdə “Mədəniyyətlərin qovşağı” adlı ilk beynəlxalq incəsənət sərgisi təşkil olunub
“GabalaFest” çərçivəsində keçirilən çoxşaxəli tədbirlərdən biri də “Mədəniyyətlərin qovşağı” adlı beynəlxalq incəsənət sərgisidir. Sərgidə Azərbaycan, Çin, Almaniya, Macarıstan, Qazaxıstan, Koreya Respublikası, Rusiya, Türkiyə, Türkmənistan, Birləşmiş Krallıq və Özbəkistandan 30-dan çox tanınmış incəsənət ustasının rəssamlıq, heykəltaraşlıq əsərləri nümayiş etdirilir. “GabalaFest”in birinci günü keçirilən sərginin rəsmi açılşında çıxış edənlər rəssamlığın sirləri haqqında maraqlı məlumatlar vermiş, dünya rəssamlarını bir araya gətirən bu cür sərgilərin keçirilməsini alqışlayaraq, təşkilatçılara minnətdarlıqlarını bildirmişlər. Sərgidə dünyanın müxtəlif ölkələrindən tanınmış sənətkarların - Akmal Nur, Alpısbay Kazqulov, Arif Əziz, Ayan Əziz Məmmədova, Ayləl Heydərova, Cavlon Umarbekov, Ceff Robb, Cəsar Məmmədov, Devid Beqbi, Elşad H. Əliyev, Jambul Natbayev, Jen Quansyu, Qəhriman Qoçmıradov, Leyla Əliyeva, Məzahir Rüstəmov, Nigar Bağırova, Ömər Eldarov, Rafael Əliyev, Refik Aziz, Rəşad Mehdiyev, Röya Həsən, Sakit Məmmədov, Səfrəndə Abdullayeva, Səmədağa Cəfərov, Şəhla Qəhrəmanlı, Tamaş Yanoş Molnar, Tolkın Tabısbek, Ülviyyə Həmzəyeva, Yonqmo Cunq, Yonq Vu Li, Yens Hesse və Yuristanbek Şıqayevin əsərləri nümayiş etdirilir. Ekspozisiyanın diqqətçəkən əsərləri sırasında Azərbaycanın Xalq rəssamı Arif Əzizin ritmik, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qara-ağ kompozisiyaları xüsusilə diqqəti cəlb edir. Britaniyalı kurator Rut Millinqtonun rəhbərliyi ilə ərsəyə gələn ekspozisiya rəssamlıq, heykəltaraşlıq və fotoqrafiya vasitəsilə xalqlararası bədii dialoqu təşviq edir. Sərgi tamaçılarda xoş təəssüratlar yaratmışdır.













