Qəbələdə “Meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlər” mövzusunda görüş keçirilmişdir
22 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlər” mövzusunda Qəbələ rayonunun Solquca, Uludaş və Kötüklü kəndlərini əhatə etməklə maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti yerli qurumlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin və Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişlər. Tədbirdə mövzunun aktuallığını diqqətə çatdıraraq, yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin əhəmiyyəti vurğulamış, meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin vacibliyi diqqətə çatdırılmışdır. Sonda tədbir iştirakçılarına mövzuya dair məlumatlandırıcı çap materialları paylanılmış və suallar cavablandırılmışdır.