Qəbələdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə komissiyasının işçi qrupunun üzvlərinin müşavirəsi keçirilib
26 oktyabr 2022-ci il tarixdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin dəstəyi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinə "“Gənclər və narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin təşkili” mövzusunda təlim keçirilmişdir. Tədbirdə çıxış edən Dövlət Komissiyası işçi qrupunun üzvü Raqif Allahverdiyev gənclərlə mövzu ətrafinda geniş maarifləndirici söhbət aparmış, komissiyanın gördüyü işlər barədə məlumat vermişdir. Tədbir diskusiya şəklində davam etdirilmiş və iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun üzvüləri ilə Qəbələ Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiya üzvlərinin görüşü keçirilmişdir. Qəbələ Mədəniyyət Mərkəzində dəyirmi masa arxasında keçirilən görüşdə komissiyaların fəaliyyətinin səmərəliliyinin artirilması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi halları müzakirə edilmiş, həyata keçirilən tədbirlərin rüblük nəticələri təhlil edilmiş, Dövlət Komissiyasının İşçi Qrupu ilə yerli komissiyaların birgə fəaliyyətlərinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilmişdir. Sonda “Narkomaniyaya yox deyək” adlı rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmişdir.