Qəbələdə “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibləri mükafatlandırılıb
Qəbələdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “İRS 103 - Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. İştirakçılar öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad etmişlər. Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatı, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ bölməsinin birgə təşkilatçılığı ilə keçirilən intellektual oyunlarda Qəbələdə fəaliyyət göstərən dövlət və özəl müəssisələrin 55 nəfər gənc əməkdaşından ibarət 11 komanda mübarizə aparmışlar. Yarışın nəticələrinə görə I yerin qalibi “Nic intellektual” komandası, II yeri “Efra” komandası, III yeri isə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi tutub. Təşkilatçılar qalib komandalara kubok, diplom və müxtəlif xatirə hədiyyələri təqdim edib.













