Qəbələdə “Peşə təhsilində keyfiyyətin idarə olunmasına doğru: daxili keyfiyyət təminatının formalaşması” mövzusunda forum keçirilib
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsilində keyfiyyətin idarə olunmasına doğru: daxili keyfiyyət təminatının formalaşması” mövzusunda forum keçirilib. Forumda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva, Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Kənan Həsənli, TKTA-nın aidiyyəti struktur bölmə rəhbərləri və əməkdaşları, eləcə də ölkənin müxtəlif peşə təhsil müəssisələrinin direktorları, keyfiyyət təminatı üzrə mütəxəssislər və ixtisas fənn müəllimləri iştirak ediblər. Forum iştirakçıları əvvəlcə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə təşkil olunan infoturda iştirak etmiş, onlara Mərkəzdə tədris olunan ixtisaslar, təhsil prosesi və tələbələr üçün yaradılmış şərait barədə məlumat verilmiş, Mərkəzin infrastrukturu, maddi-texniki bazası, laboratoriya və emalatxanaları, eləcə də tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar. Daha sonra keçirilən forumda peşə təhsili müəssisələrində institusional idarəetmənin təkmilləşdirilməsi, daxili keyfiyyət təminatı sisteminin formalaşdırılması və keyfiyyət mədəniyyətinin təşviqi məsələləri müzakirə olunmuş, iki panel müzakirəsindən ibarət olan forum çərçivəsində peşə təhsili və əmək bazarının əlaqələri, keyfiyyət təminatı sahəsində çağırışlar və yeni tendensiyalar, həmçinin peşə təhsili müəssisələrində daxili keyfiyyət təminatı sisteminin qurulması istiqamətində praktik addımlar ətrafında fikir mübadiləsi aparılmışdır. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.













