Qəbələdə “PeşəFest-2025” layihəsi keçirilib
Oktyabrın 11-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “PeşəFest-2025” layihəsi Qəbələdə keçirilib. Festivalda Dövlət Məşğulluq Agentliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin nümayəndələri, yeniyetmə və gənclər iştirak etmişlər. Tədbirin açılış mərasimində çıxış edənlər peşə təhsilinin inkişafı, dövlətin bu sahəyə göstərdiyi diqqət və gənclərin əmək bazarına hazırlıqlı şəkildə daxil olmalarının vacibliyi barədə danışmışlar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu və Prezident Cənab İlham Əliyevin gənclərə, onların gələcəyinə, həmçinin əmək bazarının tələblərinə uyğun peşələrin inkişafına göstərdiyi diqqət və qayğı bu sahənin davamlı inkişafını təmin edir. Gənclər tərəfindən böyük maraqla qarşılanan “PeşəFest” tədbirlərinin bu sahədə, gənclərin müasir peşələrlə bağlı dolğun məlumat almalarına kömək göstərdiyi diqqətə çatdırılmışdır. Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış etmiş, təmsil etdikləri peşələrin xüsusiyyətləri barədə məlumat vermiş, iştirakçılarla peşə seçimi ilə bağlı öz tövsiyələrini bölüşmüş, yeniyetmələrin, onların valideynlərinin suallarını cavablandırmışlar. Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunmuşdur. İştirakçılar festivala qatılmaqla bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanmışlar. Festival iştirakçılar tərəfindən böyük maraq və fəallıqla qarşılanmışdır.













