Qəbələdə pivə və sərinləşdirici içkilərin istehsalı zavodu qurulacaq
Azərbaycan Respublikası İqtisadiyyat naziri Mikayıl Cabbarovla Gürcüstanın “Georgian Beer Company LLC” şirkətinin nümayəndələri arasında keçirilən görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirələr aparılıb. Görüş çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Gürcüstanın “Georgian Beer Company LLC” şirkətinin nümayəndələri arasında Qəbələ rayonunda qabaqcıl beynəlxalq texnologiyalara əsaslanan lisenziyalı premium pivə markalarının, yerli brend pivəsinin və sərinləşdirici içkilərin istehsalı üzrə yeni zavodun qurulmasına dair Birgə İştirak Müqaviləsi imzalanıb. Rəqabətqabiliyyətli məhsul istehsalı ilə ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək zavodun illik istehsal gücünün 140 milyon litr olması və 300-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.