Qəbələdə polis işçilərinin peşə bayramı qeyd olunub
Azərbaycan polisinin yaranmasının 105-ci ildönümü və 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə Qəbələ rayonunda tədbir keçirilib. Öncə polis əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, üzərinə tər güllər düzərək Ümummilli Liderə dərin ehtiramlarını bildirmişlər. Rayon polis şöbəsində davam edən tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, veteran polislər iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Fəxrəddin Abbasov Azərbaycan polisinin yaranmasının 105-ci ildönümü və 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə şəxsi heyəti təbrik etmiş, Azərbaycan polisinin keçdiyi tarixi yol haqqında məlumat vermiş, Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyi, hazırda da polis əməkdaşlarının əməyinin ölkə rəhbərliyi tərfindən layiqincə qiymətləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli lider Heydər Əliyev tərəfindən daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı önəmli qərarlar qəbul edildiyini vurğulamış, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşdiyini bildirmiş, asayiş keşikçilərini Azərbaycan polisinin yaranmasının 105-ci ildönümü və 2 iyul Azərbaycan Polisi günü münasibətilə təbrik etmişdir. Çıxış edən polis veteranı Nadir Vəliyev veteran polisləri və polis işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə asayiş keşikçilərinin müstəsna xidmətləri olduğunu vurğulamış, veteran polislərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir. Sonda xidmətində fərqlənən bir qrup polis əməkdaşına, veteran polislərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.