Qəbələdə qastronomiya turizminin inkişafı üçün yeni “Məhsul Mövsümü” təşəbbüsünün təqdimatı keçirilib
Qafqaz Riverside Hotel-də “Gabala Hospitality Group”un təşəbbüsü ilə Qəbələnin dörd mövsümlük turizm potensialının üzə çıxarılması və bölgənin tanınan qastronomiya destinasiyasına çevrilməsi məqsədilə “Məhsul Mövsümü” layihəsinin təqdimatı keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Turizm Bürosunun və digər turizm qurumlarının nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri, yerli sahibkarlar, restoran və təsərrüfat nümayəndələri, eləcə də KİV əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən “Gabala Hospitality Group”un Müşahidə Şurasının sədri Şəbnəm Fərman layihənin əsas məqsədinin bölgənin zəngin qastronomik irsini və mövsümi mətbəx ənənələrini turizm təcrübəsinin mühüm elementinə çevirməklə yanaşı, "təsərrüfatdan süfrəyə" konsepsiyası əsasında yerli fermerləri dəstəkləyərək regional iqtisadi dəyər zəncirini gücləndirmək və yerli sahibkar, şef və fermerləri bir araya gətirməklə Qəbələnin özünəməxsus qastronomik kimliyini formalaşdırmaq, eləcə də layihənin növbəti mərhələsində keçiriləcək Qəbələ Qastronomiya Sammiti ilə bölgəni dörd mövsüm cəlbedici turizm məkanına çevirmək olduğunu bildirmişdir. Çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev bu cür təşəbbüslərin rayonun ümumi inkişafına və turizm potensialının artırılmasına mühüm töhfə verdiyini bildirərək, layihə təşkilatçılarına və rəhbərliyinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbir layihənin konseptual tərəflərini, mövsümi menyu nümunələrini və yerli təsərrüfat məhsullarını əks etdirən geniş prezentasiya, habelə qarşılıqlı müzakirələr formatında keçmişdir.













