Qəbələdə “Qəbələ - İdman Paytaxtı 2025”in açılış mərasimi keçirilib
16 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qəbələ - İdman Paytaxtı 2025”-in açılış mərasimi keçirilmişdir. Tədbir iştirakçıları öncə Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəsətələri düzmüşlər. Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan tədbirdə Azərbaycan Dövlət Himni səslənmiş, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradı təqdim edilmişdir. Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova çıxışında 2024-cü il üçün Azərbaycanın “İdman paytaxtı” seçilmiş Qubanın il ərzində gördüyü işlərdən, əldə etdiyi nailiyyətlərdən bəhs etmiş, Qəbələnin bu şərəfli işi layiqincə yerinə yetirəcəyinə əminliyini bildirmişdir. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanılan gənclər strategiyasının bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildiyini, Qəbələnin bu gün beynəlxalq miqyaslı tədbirlərə - dövlət başçılarının iştirakı ilə keçirilən zirvə toplantılarına, görüşlərə, sammit və forumlara, beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini diqqətə çatdıraraq, Qəbələnin həm də 2025-ci ildə MDB-də “Gənclər Paytaxtı” seçildiyini qeyd edərək bütün qəbələləri, xüsusilə gəncləri bu münasibətlə təbrik etmişdir. Gənclər və İdman naziri Fərid Qayıbov Qəbələdən olan idmançıların çoxluq təşkil etdiyini, onların gələcəkdə Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edəcəklərinə inandığını demiş, “İdman paytaxtı” çərçivəsində il ərzində Qəbələ şəhərində bir çox yarış və tədbirlərin keçiriləcəyini diqqətə çatdırmış, görüləcək işlərin çox olduğunu, lakin Qəbələnin bu missiyanı uğurla yerinə yetirəcəyini, yaxşı nəticələr əldə olunacağını söyləmişdir. Sonra nazir idman paytaxtının rəmzi açarını Qəbələ rayonunun nümayəndəsi Ətayə Osmanovaya təqdim etmişdir. Daha sonra “Qəbələ - İdman Paytaxtı 2025”in maskotu “Marşal” ictimaiyyətə təqdim olunmuşdur. 2024-cü ilin idman səfirləri seçilən bədii gimnastika üzrə millinin keçmiş üzvü Aliyə Paşayeva, veteran futbolçu İlqar Qurbanov, sabiq cüdoçu Orxan Səfərov və milli idman növləri üzrə məşqçi Xəyyam Orucov Azərbaycan bayrağı altında çıxış edən bütün idmançılara uğurlar və yeni-yeni qələbələr arzulamışlar. Tədbir bədii hissə ilə davam etmiş, müxtəlif idman növlərini təmsil edən atletlər musiqi sədaları altında məharətlərini nümayiş etmişlər.