Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib
İyulun 24-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qida emalı və qida məhsullarının qurudulması üzrə müasir tədris-istehsalat emalatxanasının açılışı olub. Açışılışda Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Peşə Təhsilinin İnkişafı Fondunun direktoru İdris Musayev, tərəfdaş təşkilatların təmsilçiləri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və tələbələr iştirak etmişlər. Tədbirdə çıxış edənlər peşə təhsilinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək, peşə təhsilinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndiyini, Azərbaycan və Türkiyə arasında həyata keçirilən bu layihələrin peşə təhsilinin əlçatanlığının və keyfiyyətinin artırılmasına, regionlarda yerli istehsalın inkişafı və gənclərin məşğulluq imkanlarının genişlənməsinə, əmək bazarının tələblərinə uyğun insan kapitalının formalaşdırılmasına və sosial-iqtisadi inkişafa mühüm töhfə verdiyini diqqətə çatdırmışlar. Sonda tədbir iştirakçıları emalatxana və laboratoriyalarla tanış olaraq qida məhsullarının emalı və qurudulması prosesini izləmiş, həmçinin tədbir çərçivəsində hazırlanmış məhsulların nümunələri ilə tanış olmuşlar.













