Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub
Fevralın 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə keçirilən “Qış nağılı” II Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.
Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Fondun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər, tanınmış ictimai xadimlər, Qəbələ sakinləri və qonaqlar iştirak edib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında 2009-cu ildə təməli qoyulan və gözəl ənənəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalının bir qolu olan “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu qeyd etmiş, festivalın keçirilməsinə göstərilən kömək və dəstəyə görə Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə və “Gilan”a dərin təşəkkürünü bildirmişdir.
Rəsmi hissədən sonra musiqisevərlərə əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin ifasında “Viva Opera” adlı konsert proqramı təqdim olunub.
Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.













