Qəbələdə “Səyyar Gənclər Xidməti” layihəsinin açılış mərasimi keçirilmişdir
6-10 iyul 2026-cı il tarixlərində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Səyyar Gənclər Xidməti” layihəsinin açılış mərasimi keçirilib. “Gənclərlə, gənclər üçün” şüarı altında keçirilən layihənin açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış mərasimində çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, gənc nəslin inkişafı naminə qəbul edilən proqramlar, onların sağlam mənəvi-ideoloji baxımdan daha da yetkinləşməsinə xidmət edən geniş tədbirlərin görülməsi, hərbçi gənclərimizin göstərdiyi şücaətlər sayəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu xüsusi ilə vurğulamışdır. Çıxış edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev layihənin region gənclərinin fərdi və peşəkar inkişafındakı əhəmiyyətindən, gənclərin bilik dairəsinin genişləndirilməsi, ictimai fəallığının stimullaşdırılması və dövlət tərəfindən yaradılmış dəstək mexanizmlərinin regionlarda yaşayan gənclərə birbaşa çatdırılması baxımından faydaları olduğunu bildirmişdir. Layihənin keçirilməsində əsas məqsəd regionlarda əsasən ucqar kəndlərdə yaşayan gənclərin dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının və Fondun təqdim etdiyi xidmətlərə əlçatanlığının artırılması olmuşdur. Tədbirin açılış hissəsi vətənpərvərlik ruhunda musiqili çıxışlarla yekunlaşmış, daha sonra iştirakçılar “Səyyar Gənclər Xidməti” layihəsinin fəaliyyət sahəsi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar. Tədbir “Xəmsə” intellektual oyunu və müxtəlif idman oyunları ilə davam etdirilmişdir.













