Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Vüqar Həşimov Memorial-2023” superturnirinin bağlanış mərasimi keçirilmişdir

12 dekabr 2023 | 09:13

Dekabrın 11-də Qəbələ Heydər Əliyev Konqres Mərkəzində  beynəlxalq qrossmeyster, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan doqquzuncu superturnirin bağlanış mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov “Vüqar Həşimov Memorialı”nın əsas məqsədinin görkəmli şahmatçının yaradıcılığını digər zəka sahiblərinə çatdırmaq və təbliğ etmək, gənc idmançılara geniş imkanlar açmaq və uşaqları şahmata cəlb etmək olduğunu vurğulamışdır. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev turnirin Qəbələdə keçirildiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmiş, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Bağlanış mərasimində superturnirin baş hakimi beynəlxalq qrosmeyster İlahə Qədimova yarışın gərgin idman mübarizəsi və maraqlı partiyalarla yadda qaldığını qeyd edərək təmiz və ədalətli oyun nümayiş etdirdikləri üçün iştirakçılara minnətdarlığını bildirmişdir. Keçirilmiş yarışda rapid və blits üzrə toplanan xalların cəminə əsasən hindistanlı Vidit Santoş qalib olub. 22 xal toplayan qrosmeyster bütün rəqiblərini qabaqlayıb. Ondan cəmi 0,5 xal az toplayan həmyerlisi Arjun Eriqaisi ikinci yeri tutub. İlk “üçlüy”ü 19 xalla rumıniyalı Riçard Rapport tamamlayıb. Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Rauf Məmmədov imza atıb. O, 18,5 xalla dördüncü pillənin sahibi olub. Eyni xala malik Aydın Süleymanlı beşinci, hərəyə 18 xal toplayan Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov 6-7-ci yerləri tutub. Sonrakı pillələrdə müvafiq olaraq, 17 xalla niderlandlı Yorden Van Forest, 15 xalla Nicat Abasov, 10 xalla israilli Boris Gelfand qərarlaşıb. Sonda turnirin Təşkilat Komitəsinin rəhbəri Vüqar Həşimovun atası Qasım Həşimov turnirin kubokunu hindistanlı Visit Santos Qucratiyə təqdim etmişdir. Turnirin iştirakçılarına xatirə hədiyyələri təqdim olunmuşdur. Yarışın yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirən Qasım Həşimov turnirin keçirilməsində göstərilən dəstəyə görə hər kəsə minnətdarlığını bildirmiş, iştirakçılara uğurlar arzulayıb, turniri bağlı elan etmişdir.

Keçidlər