Qəbələdə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
26 fevral 2025-ci il tarixdə Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayonumuzda müvəqqəti məskunlaşmış Xocalı sakinləri və ictimaiyyətinin nümayəndələrinin iştirak ilə tədbir keçirilib. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbirdə öncə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Konfrans zalında davam edən tədbirdə Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə siyasi-hüquqi qiymət verildiyini, erməni vəhşilərinin tarix boyu xalqımıza qarşı törətdikləri terrorizmin heç vaxt unutmayacağını diqqətə çatdırmış, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun mənfur düşməni darmadağın edərək işğal altında qalan torpaqlarımızın, o cümlədən Xocalının azad edilərək, düşməndən qisasın alındığını bildirmişdir. Çıxış edən rayon icra hakimiyyətinin başçısının müavini Ətayə Osmanova ölkə başçısının rəhbərliyi ilə azad olunmuş torpaqlarda, eləcə də qan donduran faciənin yaşandığı Xocalıda bu gün abadlıq – quruculuq işlərinin aparıldığını, yeni sənaye və turizm obyektlərinin istifadəyə verildiyini, yurd-yuvasından didərgin düşmüş insanlarımızın öz doğma torpaqlarına qayıtdıqlarını qeyd etmişdir. Xocalı sakinləri isə öz çıxışlarında erməni silahlıları tərəfindən törədilən Xocalı faciəsində dinc xalqa qarşı edilən misli görünməmiş vəhşiliklərdən bəhs etmiş, Xocalı faciəsinin son 2 ildə tam başqa əhval-ruhiyyə ilə anıldığını, səbrsizliklə öz doğma yurd-yuvalarına köçəcəkləri günü gözlədiklərini və bütün bunlara görə ölkə rəhbərinə öz təşəkkürlərini bildirmişlər. Məktəb şagirdlərinin ifasında Xocalıya həsr olunmuş şeir kompozisiyası tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Sonda xatirə şəkli çəkdirilmişdir.













