Qəbələdə yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı seminar-müşavirə keçirilib
30 may 2024 | 10:01
29 May 2024-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX)-nin təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində rayonda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı seminar-müşavirə keçirilib.
Dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə keçirilən seminar-müşavirədə Qəbələ, Şamaxı, Ağsu, İsmayıllı, Ağdaş, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən Rayon İcra Hakimiyyətləri Başçısının müavinləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin səlahiyyətli nümayəndələri, İƏN, bələdiyyə sədrləri və iri təsərrüfat sahibləri iştirak etmişlər.
Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Arif Allahverdiyev, FHN-in DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Nizami Fərəcov, Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Azad Cavadov, Şimal-Qərb regional Mərkəzin rəisi polkovnik Ceyhun Babayev dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin olunması, eləcə də meşələrdə baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışmış, həmçinin açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılmış, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah olunmuşdur. Tədbirdə mövzu ilə bağlı geniş müzakirələr aparılmış, zəruri tövsiyələr verilmişdir.