Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Yengicə su anbarı tikiləcək

13 aprel 2023 | 16:43

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Yengicə su anbarının tikintisi haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişmələri, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib. Bu istiqamətdə fəaliyyətin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulduğu kimi Qəbələ rayonunun ərazisində Yengicə su anbarının tikintisi üzrə zəruri texniki-iqtisadi əsaslandırma və layihələndirmə işləri başa çatdırılıb. Sərəncamın məqsədi ölkədə su ehtiyatlarının artırılması, əkinəyararlı torpaqların genişləndirilməsi, müasir təsərrüfatların yaradılmasının və əhalinin məşğulluğunun artırılmasının təşviqi üçün Qəbələ rayonunda su anbarının tikintisidir. Sərəncamda Qəbələ rayonunda Yengicə su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsinin təmin edilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tapşırılıb. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlarına (qurumları) Yengicə su anbarının tikintisindən irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görmək barədə tapşırıq verilib. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi aidiyyəti üzrə su anbarının cari və növbəti illərdə tikintisinin maliyyələşdirilməsi üçün zəruri tədbirlər görmələri, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Keçidlər