Qəbələdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyi ilə əlaqədar konfrans keçirilib
21 noyabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33-cü il dönümü ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin və YAP Qəbələ Rayon Təşkilatının təşkilatçılığı ilə konfrans keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, xatirəsini ehtiramla yad edərək önünə gül dəstələri düzmüşlər. Qəbələ Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və partiyanin keçdiyi şərəfli yolu əks etdirən video-çarx nümayiş etdirilmişdir. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyətini müasir Azərbaycanın siyasi tarixində xüsusi mərhələ kimi dəyərləndirmiş, Ümummilli Lider Heydər Əliyevin yaratdığı bu siyasi məktəbin bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə yüksəldiyini vurğulamış, YAP-ın dövlətçilik prinsiplərinin qorunması, milli maraqların təmin edilməsi və ölkədə dayanıqlı siyasi sabitliyin möhkəmləndirilməsi sahəsində böyük xidmətlər göstərdiyini, partiyanın cəmiyyətin bütün təbəqələri ilə açıq dialoq aparan, yeniliklərə açıq, milli dəyərlərə sadiq bir siyasi qüvvə kimi formalaşdığını qeyd etmişlər. Tədbirdə partiya üzvü olan şəhid valideyinləri və qazilərə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 –cü ildönümü ilə əlaqədar xatirə hədiyyələri, partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim edilmişdir. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşmışdır.













