Qəbələdə yerləşən Daxili Qoşunların N saylı hərbi hissəsində Novruz bayramı ərəfəsində mədəni-kütləvi tədbir keçirilmişdir
Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Novruz bayramı ərəfəsində Azərbaycan Respublikası Daxili Qoşunlarının Qəbələdə yerləşən N saylı Hərbi hissəsində tədbir keçirilib. Tədbir iştirakçıları öncə şəhidlər guşəsinin önünə gül dəstələri düzərək qəhrəman vətən övladlarının xatirəsinə ehtiramlarını bildirmişlər. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun, Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilmiş hərtərəfli islahatlardan, qüdrətli Silahlı Qüvvələrimizin qəhrəmanlıqlarından danışmışlar. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbədə prokurorluğun, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Daxili Qoşunlarla və aidiyyəti rayonların rəhbərlikləri ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs etmişlər. Sonra hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılmış, onlarla hüquqi maarifləndirici mövzularda söhbətlər aparılmışdır. Sonda xidmətdə fərqlənən hərbi qulluqçular qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.