Qəbələdə zona müşavirəsi keçirilmişdir.
31.05.2022-ci il tarixdə Qəbələdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və QHT-na Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə "QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: İctimai Nəzarət mexanizminin gücləndirilməsi" adlı respublika zona konfransı keçirilmişdir. Öncə tədbir iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin abidəsi önünə gül qoyularaq, xatirəsi böyük ehtiramla yad edilmişdir. Heydər Əliyev Konqres Mərkəzində keçirilən konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələri, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, adıçəkilən rayonların fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Azərbaycan Respublikasının Dövlət Himni ilə açılan konfransda Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək qonaqları salamlamış və konfransın işinə uğurlar arzulamışdır. Sonra Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək ölkəmizdə qeyri-hökumət təşkilatlarının keçdiyi inkişaf yolundan, QHT-dövlət münasibətlərindən, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması və QHT-lərə maliyyə, metodiki, konsultativ, təşkilati dəstəyin göstərilməsindən bəhs etmişdir. Digər çıxışlarda icra hakimiyyətləri yanında ictimai şuraların fəaliyyətinə toxunularaq, onların işinin daha da genişləndirilməsinin və təkmilləşdirilməsinin vacibliyi vurğulanmış, rayon icra hakimiyyətlərinin nümayəndələrinə, ictimai şura sədrləri və üzvlərinə işlərinin mükəmməl qurulması üçün tövsiyə və tapşırıqları verilmişdir.