“Qəhrəman anaları” adlı tədbir keçirilmişdir
Qəbələ Dövlət Rəsm Qalereyasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Qəhrəman anaları” adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. II Qarabağ müharibəsi veteranı Nicat Baxışov əvvəlcə bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə ürəkdən təbrik etdi və bildirdi ki, bizim üçün çox xoşdur ki, bu gün burada şəhid anaları və ictimai fəaliyyəti ilə seçilən xanımlar iştirak edirlər. Qalereyanın direktoru Təzəgül Nəsmiyeva çıxış edərək torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının, uzun müddət ürəyi Vətən həsrəti ilə döyünən, məcburi köçkün düşmüş qadınlarımızın bayramını təbrik edərək. 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etmiş, şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq dedi. Tədbirdə çıxış edən şəhid anaları onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər. Gənc xanımların əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilmişdir. Sonda məktəblilər qadına, anaya aid şeirlər söyləmiş və şəhid analarına yazdıqları məktubları analara təqdim etmişlər.