“Qış nağılı” Beynəlxalq Musiqi Festivalında dahi bəstəkar Qara Qarayevin musiqi irsinə həsr olunmuş konsert proqramı maraqla qarşılanıb
05 fevral 2026-cı il tarixdə Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı öz işinə başlamışdır. 2009-cu ildən bu şəhərdə ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq Heydər Əliyev Konqres Mərkəzində təşkil edilən konsertdə musiqisevərlərə kamera musiqisi təqdim olunub. Öncə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək, dünya musiqi xəzinəsinə əvəzolunmaz töhfələr verən görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin əziz xatirəsinə həsr olunduğunu diqqətə çatdırmış və bəstəkarın yaradıcılığından danışmışdır. Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin Azərbaycan Dövlət Simli Kvartetinin müşayiəti ilə musiqisevərlər qarşısında çıxışları alqışlarla qarşılanmışdır.













